İnformatika elmi haqqında
İnformatika - Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri bütün sahələrin kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. Problemin həlli “İnformatika” adlı müasir elm sahəsi ilə bağlıdır. İnformatika fənninin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə əldə etmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində bilik əldə etməyə köməkçi olmaqdır. “İnformatika” termini fransızca “informatique” sözü olub informasiya və avtomatika sözlərinin birləşməsindən yaranmışdır. Odur ki, informatika, ilk növbədə, informasiyanın avtomatik işlənməsi mənasını ifadə edir. İnformatika təbiətdə, cəmiyyətdə və insan fəaliyyətində baş verən hadisələrlə bağlı olan informasiya prosesləri haqqında, həmçinin informasiya və informasiya prosesləri, informasiyalaşdırmanın aparat və proqram vasitələri, informasiya və kommunikasiya texnologiyaları haqqında kompleks elmdir. Bu onu göstərir ki, informatikanın fəaliyyət dairəsi “kompüter haqqında” elm olmaqdan daha genişdir. Akademik B.M. Qluşkovun və V.S. Mixaleviçin fikrinə görə informatika kompüterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələndirilməsinin işlənməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.
Комментарии
Отправить комментарий